Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Cəbrayılın azad olunması Ordumuzun Xocavənd və Hadrut istiqamətində uğurlu əməliyyatlarına şərait yaratdı

Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir.

Bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi.

Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”.

Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”.

Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.

 

2022-10-04 17:29:00
456 baxış

Digər xəbərlər

“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir”

Cəlil Xəlilov: “Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”   “8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır:   “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı.   30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz  torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”.   Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi:   “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb.   Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəsissisə fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır.  Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir.   Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq”.  

Hamısını oxu
Xəzər rayonunda 28 may Müstəqillik Günü qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində  Xəzər rayonunda   tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər   rayon  VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra  torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük  tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan  Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.      

Hamısını oxu
Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün bir nümunədir

Şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək. AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsini anma mərasimində səsləndirilib.    Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər.    Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.     R.Əliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, Böyük Vətən müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb. Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər şəhərlərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Sonra Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Hamısını oxu
İlham Əliyev – xalqın etimadını doğruldan Lider

Dünyanın ictimai-siyasi və sosial-iqtisadi mənzərəsi həm rəngarəng, həm də ziddiyyətlidir. Bir sıra ölkələrdə və regionlarda xaos-anarxiya, qarşıdurma-toqquşma, tənəzzül-böhran hökm sürür, mürəkkəb şərait və çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunə - inkişaf və tərəqqi örnəkləri də var. Cənubi Qafqazın lideri – regional güc mərkəzi olan Azərbaycan kimi.     Müstəqillik dövrünün, eləcə də son zamanların prosesləri və reallıqları göstərir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib.   Ümumiyyətlə inkaredilməz həqiqətdir ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub.   Şübhəsiz ki, Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.   11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqləyib, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərib. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd edib ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ən mühüm məqamlardan biri bölgələrin tarazlı inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanılıb, əsas infrastruktur layihələrinə start verilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.   Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlanıb, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atılır. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik.   Digər məsələ milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib, Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan qlobal taleyüklü məsələlərdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi isə ölkəmizə, şəxsən Prezident İlham Əliyevin olan etimadın bariz nümunəsidir.   Heç şübhəsiz, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Və bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır.   Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!   Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu